Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif
şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsinə start verilib.
Layihə üzrə tərtib olunan səfər proqramına əsasən martın 16-da Qobustanın 30 məktəbindən 40 nəfərlik qrup Quba rayonuna yola salınıb. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə Güləliyeva Azərbaycanın bir parçası olan Quba rayonu, onun zəngin tarixi, bu günü barədə geniş bilgilər əldə etməyə imkan verəcək tur-aksiyanın əhəmiyyətindən, məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb. Qeyd olunub ki, səfər çərçivəsində şagirdlər yolüstü “Qədim Şabran” şəhər qalıqları, Qubada Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olacaq, Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiyalar təşkil ediləcək. Həmçinin şagirdlər Nəzrə kəndində “Şeyx Cüneyd” türbəsini, eləcə də Qusarın Tarix-Diyarşünaslıq muzeyini görəcək, geri qayıdarkən Xaçmazla da tanış olacaqlar.
Səfər proqramının zəngin olduğunu söyləyən müşayiətçi-müəllim Aynur İsmayılova deyib: “Tur-aksiya çərçivəsində şagirdlər nəinki olacaqları rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Məktəbliləri 4 müəllim, 1 həkim müşayiət edir.