Kürdəmirin daha bir kəndinə təbii qaz verilib

Tarix: 7-3-2016 // saat: 17:07
Rayonun 2384 nəfər əhalisi olan Pirili kəndinin 307 abonentinə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.
Pirili kəndinə təbii qazla təmin edilməsi məqsədi ilə ümumilikdə müxtəlif diametrli 38346 p/metr metal boru və 6340 p/metr yeraltı polietilen boru xətti quraşdırılıb. Ümumilikdə isə 44686 metr müxtəlif diametrli metal və polietilen boru quraşdırılmışdır. Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib. Respublikamızda olduğu kimi rayonumuzun sosial-iqtisadi inkişafı, rayon mərkəzinin və kəndlərimizin infrastruktur cəhətdən yeniləşməsi gözlərimiz önündə baş verir. Hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 47 yaşayış məntəqəsi üzrə 17214 abonet təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 80,3 faizini təşkil edir Pirili kəndi artıq 47-ci yaşayış məntəqəsidir ki, qazla təmin olunur. Rayonun Muradxan, Çöl-Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Mehdili, Qoçulu, Dayıkazımlı və Axtaçı-Qarabucaq kəndlərində müxtəlif diametrli qaz xətləri çəkilərək qazlaşma işləri davam etdirilir. Adı qeyd olunan kəndlərə qazın verilişi yaxın vaxtlarda təmin ediləcəkdir. 2015-ci ildə 22 kənd, cari ildə Pirili kəndi artıq 3-cü kənddir ki mavi yanacaqla təmin edilir. Rayonda yalnız 4 kəndimiz qalır ki, bunlar Qarabucaq qəsəbə, Qarabucaq kənd, Qarasu və Qurdbayram kəndləridir ki, onların da qazlaşması 2016-cı ildə nəzərdə tutulub.
Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Mərasimdə kənd ağsaqqalı Abdul Abdulov, ziyalı Hörmətəli Kərimov, kənd qadınları adından Roza Süleymanova çıxış edərək əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kənd sakinlərini təbrik edərək bildirib ki, Azərbaycan tarixinin son yarım əsrlik dövrü dünya miqyaslı dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz fəaliyyəti ilə bağlıdır.Azərbaycanın siyasi, ictimai, iqtisadi, mədəni, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin qüdrəti, qayğısı hiss edilməsin. Ulu Öndərimiz böyük uzaqgörənliklə Azərbaycanın yaxın və uzaq gələcəyinə hesablanan neft, qaz və elektrik enerjisinin inkişafını ən vacib siyasi, iqtisadi və texniki məsələlərdən biri kimi qəbul edərək, bu problemlərin həllini daim diqqət mərkəzində saxlamış, ölkəmizin əsas sərvəti olan neft-qaz amilindən istifadə edərək müstəqilliyimizi dönməz, əbədi və sarsılmaz etmişdir. Heydər Əliyev siyasi kursu Azərbaycanda daimi bərqərar olmuşdur.Bu gün Ulu Öndərimizin siyasi-iqtisadi kursunun ən layiqli davamçısı, Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni neft-qaz konsepsiyasının gerçəkləşməsi yolunda böyük işlər görməkdədir. Neft-qaz sektorunun dövlət idarəetməsində köklü iqtisadi islahatların aparılması daima Respublika rəhbərliyinin nəzarətində olmaqla uğurla davam etdirilir. Ölkə Prezidentinin bu yüksək diqqət və qayğısı rayonumuzda da öz həllini tapmaqdadır. Bunu elə bu günkü tədbirimizin timsalında da görmək olar.
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN