Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” vasitəsilə həyata keçirilən “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsi başa çatıb.
Layihə üzrə qrant müqaviləsi ötən il oktyabrın 9-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Yaponiya səfirliyi ilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyi arasında imzalanıb. Layihə Kürdmaşı kəndində yeni su təchizatı sistemi inşa etmək, beləliklə də sakinlərin suya olan tələbatını qismən ödəmək məqsədi daşıyırdı. Həyata keçirilən layihənin ümumi dəyəri 90,646 ABŞ dolları təşkil edib.
Layihənin başa çatması münasibətilə fevralın 23-də Kürdmaşı kəndində açılış mərasimi keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Kenici Aşida iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mərasimdə çıxış edərək İsmayıllı rayonu, onun sosial-iqtisadi inkişafı barədə danışıb. Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, bu cür layihələr iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfədir.
Mərasimdə çıxış edən Kenici Aşida layihənin başa çatması ilə əlaqədar sakinləri təbrik edib, Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardımın infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə kimi geniş sahələri əhatə etdiyini bildirib. Vurğulanıb ki, təkcə İsmayıllıda kəlağayı istehsalı, Ruşan, Buynuz kəndlərində məktəb binalarının tikintisi, Qalacıq kəndində xəstəxananın inşası və sair olmaqla, ümumilikdə 14 layihə həyata keçirilib.
Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhərinin qarşılıqlı dostluq əlaqələrindən danışan Kenici Aşida bu əlaqələrin əhəmiyyətli olduğunu vurğulayıb.
Mərasimdə kənd sakinləri çıxış edərək Yaponiya səfirliyinə razılıqlarını bildiriblər.