Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır, üzərində atlanırlar. Xalqımız Novruz bayramına 4 həftə qalanda həyat üçün vacib olan dörd ünsürlə -(su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edir.
İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Yel, Torpaq.
Novruzun çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə" də, deyilir. Bu il Su çərşənbəsi fevralın 24-nə düşür. İnama görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar.
Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Bayramınız Mübarək!