Ağsuda daha bir yaşayış məntəqəsinə - təbii qaz verilib

Tarix: 17-2-2016 // saat: 15:40
Bu rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən, 1450 nəfər əhalisi olan Ləngəbiz kəndidir. Kəndin qazlaşdırılması birpilləli sistem əsasında aparılıb. Müxtəlif diametrli 1528 metr polietilen və 8937 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 135 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Fevralın 17-də Ləngəbizə “mavi yanacağ”ın verilməsi təntənəli mərasimlə qeyd olunub. Mərasimi rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda görülən işlərdən, həyata keçirilən sosial layihələrdən danışıb. Bildirilib ki, Ləngəbiz kəndi rayonda təbii qazla təmin edilən 63-cü yaşayış məntəqəsidir. Beləliklə də, artıq Ağsuda əhalinin 92,5 faizi “mavi yanacaq”dan istifadə edir. Qalan kəndlərin də qazlaşdırılması istiqamətində tədbirlər görülür.
Açılış mərasimində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev kənd sakinlərini təbrik edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial layihələrdən, o cümlədən bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində aparılan ardıcıl tədbirlərdən danışıb. R.Abdullayev bildirib ki, indi respublikamızda sovet dövründəkindən də, çox - 1 milyon 850 min abonent təbii qazla təmin olunur.
Mərasimdə çıxış edən kənd ziyalıları sosial qayğılarına göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN