Ötən il Kürdəmir rayonunda daxili məhsul istehsalı 6 faiz artaraq, 339 milyon 293 min manata çatıb.. Belə ki, rayonda 109,2 min ton taxıl, 13535 ton kartof, 22,3 min ton meyvə və digər məhsullar istehsal olunub. Bu göstəricilər isə 2014-cü ildəkindən çoxdur.
Bu barədə Kürdəmirdə ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda iştirakçılar əvvəlcə Prezident İlham Əliyevin 2015-ci il sentyabrın 17-də Kürdəmirə və qonşu Ağsuya səfərinə həsr olunan videoçarxa baxıblar.
Sonra rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsi dinlənilib, müzakirələr aparılıb. Məruzədə 2015-ci ilin bütün sahələrdə uğurla başa çatdığı, üçüncü Dövlət Proqramında rayon üçün nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə həyata keçirildiyi bildirilib. Heyvandarlıq və quşçuluq sahələrində də dinamik artım davam edib.
Hesabat ilində rayonda 5,5 hektar sahədə “Bayraq meydanı” kompleksi yaradılıb, “Qələbə parkı” yenidən qurulub, küçə və səkilər təmir olunub, Tarix-Diyarşünaslıq Muzeyinin sahəsi genişləndirilərək 400 kvadratmetrə çatdırılıb. Şəhərin mərkəzində YAP rayon təşkilatı üçün ikimərtəbəli inzibati bina, Atakişilli kənd tam orta məktəbi üçün 624 yerlik yeni bina, 100 yerlik ikimərtəbəli uşaq bağçası-körpələr evi inşa olunub.
Yığıncaqda 12341 nəfər əhalinin yaşadığı, 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun 20 kilometrlik hissəsinin əsaslı təmir edildiyi, əhalinin, eləcə də əkin sahələrinin su təchizatının daha da yaxşılaşdırılması istiqamətində xeyli iş görüldüyü, il ərzində 22 kəndə təbii qaz verildiyi diqqətə çatdırılıb.
Məruzə və çıxışlarda qarşıda duran vəzifələr barədə də danışılıb, iqtisadiyyatın ayrı-ayrı sahələrinin daha sürətli inkişafı üçün potensial ehtiyatlardan maksimum səmərəli istifadə olunmasının zəruriliyi bildirilib.
Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatı Rafael Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi strategiyanın uğurlu nəticələri barədə məlumat verib.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrdən danışıb, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması sahəsində bölgələrdə, o cümlədən Kürdəmirdə böyük potensial imkanların olduğunu bildirib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.