Bakıda keçirilən Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumunun iştirakçılarından bir qrupu fevralın 2-də Qobustan, Şamaxı və Ağsu rayonlarında yerləşən mədəni irs abidələri və turizm obyektlərini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Niderland və Latviyadan olan nümayəndələr əvvəlcə Qobustandakı Diri Baba türbəsində, sonra Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Cümə məscidində olublar. Beynəlxalq forumun iştirakçılarına hər iki tarixi abidə barədə ətraflı məlumat verilib. Sufiliyin Xəlvətiyyə təriqətinin tanınan nümayəndələrindən birinə məxsus olduğu güman edilən Diri Baba abidəsi qonaqlarda dərin təəssürat yaradıb. Şamaxıdakı Cümə məscidinin VIII əsrdə tikildiyi, müxtəlif dövrlərdə zəlzələlər nəticəsində dağılsa da bərpa olunduğu, 2013-cü ildə yenidən ibadətə açıldığı barədə məlumatlar da maraqla qarşılanıb.
Qeyd edək ki, multikultural dəyərlərin ən yaxşı təcəssümündən biri olan Cümə məscidi və onun ətrafı arxeoloji baxımdan da əhəmiyyətli məkandır.
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olan forum iştirakçılarına muzeyin kataloqu hədiyyə edilib.
Daha sonra forum iştirakçıları orta əsr Ağsu şəhər arxeoloji turizm kompleksi ilə tanış olublar. Məlumat verilib ki, arxeoloji turizmin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın əsas turizm obyektlərindən olan bu kompleksi hər il 5000-dən çox turist ziyarət edir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Abidələri və Muzeyləri İdarəsinin əməkdaşı Pınar Atalay, Niderland Krallığı Bakı səfirliyinin nümayəndəsi Casper Van Vlokhoven, Latviyanın SIA Spare`Travel” və “SIA Spare” İdman Agentliyi İdarə Heyətinin üzvü Gints Aksiks kompleks haqqında fikir və tövsiyələrini bölüşüblər.
Sonda forum iştirakçıları bölgənin ən iri sənaye müəssisələrindən biri olan “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodunda olublar.