Rayonun Köhünlü kənd inzibati ərazi dairəsinin 103 abonenti və 668 nəfər əhalisi olan Söyüdlər kəndinə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov, “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Kürdəmir rayonunun ən ucqar yaşayış məntəqələrində olan Söyüdlər kəndinin qazlaşdırılması üçün 9687 metr müxtəlif diametrli metal və polietilen borulardan istifadə edilib. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Söyüdlər kəndi rayonda təbii qazla təmin olunan 45-ci yaşayış məntəqəsidir. Təkcə ötən il 22 kəndə təbii qaz verilib. Artıq rayonda 16743 abonent “mavi yanacaq”dan istifadə edir.
Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov çıxış edərək, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar Kürdəmirdə görülən işlərdən bəhs edib.
Mərasimdə hazırda daha 13 yaşayış məntəqəsində - Muradxan, Çöl Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Sovla, Mehdili, Qoçulu, Dayıkazımlı, Axtaçı-Qarabucaq və Pirli kəndlərində qazlaşdırma işlərinin aparıldığı qeyd olunub, cari ildə bütün yaşayış məntəqələrinin qazlaşdırılacağı diqqətə çatdırılıb.
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.